Məhdi ibn Həsən Əskəri hicrətin 255-ci ili şaban ayının 15-də Samirra şəhərində anadan olmuşdur. Onun
adı İslam Peyğəmbərinin adından, yəni, M.U.H.Ə.M.M.Ə.D, künyəsi də
Peyğəmbərin künyəsindəndir, yə᾽ni, Əbülqasimdir. Ən məşhur ləqəbi
Məhdidir. Atası on birinci Həsən Əskəri , anası isə çox hörmətli Nərcis
(Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də
tanınmışdır. Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox
olmuşdur ki,ailəsinin fəzilətli qadınlarından biri olan Əliyyən-Nəqinin
bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı,
özünü isə onun xadiməsi adlandırmışdır. Həzrət
Məhdi iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik
qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik
qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik
dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci
mərhələnin (yəni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o
Həzrət zühur edənə qədər davam edəcəkdir.
Həzrət Məhdi Əhli Sünnə və Şiə məzhəblərincə gəbul edilmesinə baxmayaraq,onun haqqinda hər iki tərəf fərgli düşünür.
Əskərinin
həyatından danışarkən geniş məlumat verdiyimiz kimi, zalım Abbasi
hökuməti o Həzrətin (m Əskərinin ) oğlunu ələ keçirib öldürmək
məqsədilə Əskərinin evini ciddi nəzarət altında saxladığından,Məhdinin
anadan olması Əskərinin qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan
əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq
bir şəraitdə baş vermişdir. Bu barədə ən mötəbər xəbəri o Həzrətin
anadan olmasının yaxından şahidi olmuş Əskərinin bibisi Həkimə xanım
vermişdir.
İslam
Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və səlləm) və həmçinin,
digər məsum İmamlar Həzrət Məhdinin anadan olması, qeybə çəkilməsi,
zühur edərək cahanşümul qiyamı və sair xüsusiyyətləri barədə çoxlu
hədislər buyurmuşlar. Hələ Məhdi dünyaya gəlməzdən neçə il əvvəl onun
Peyğəmbər (səlləllahu əleyhi və səlləm) ailəsindən, Fatimə
övladlarından və Hüseynin nəslindən olacağı, öz cahanşümul qiyamı ilə
bütün dünyada haqq-ədalət bərpa edəcəyi barədə xəbər verilmişdir. Bu
barədə Peyğəmbər (səlləllahu əleyhi və səlləm) və İmamlardan
söylənilmiş rəvayətlərin sayı həddən artıq çoxdur. Belə ki, İslami
mövzular sahəsində çox az məsələ barədə bu qədər rəvayət
söylənilmişdir. İndi isə biz ilk növbədə Həzrət Məhdi barədə İmamların
buyurduğu hədisləri və eləcə də, şiə alimlərinin bu sahədə yazdığı
kitabların adını qeyd edəcək. Bir
məsələni də qeyd etmək yerinə düşər ki, İmamların hər birinin dövrünün
özünəməxsus xüsusiyyətləri olmasına və İmamların diqqətinin əsasən,
həmin xüsusiyyətlərə cəlb olunmasına baxmayaraq Həzrət Məhdinin
məsələsi daima onların nəzərində olmuş və onlar yeri gəldikcə bu
məsələyə toxunmuşlar. İmamların bu məsələ barədə buyurduğu hədislərin
qısaca siyahısını qeyd edirik: 1)Əli – 51 hədis; 2)Həsən – 5 hədis; 3)Hüseyn – 14 hədis; 4Zeynül-abidin – 11 hədis; 5)Baqir – 63 hədis; 6)Sadiq – 124 hədis; 7)Museyi-Kazim – 6 hədis; 8)Riza – 19 hədis; 9)Cavad – 6 hədis; 10)Əliyyən-Nəqi – 6 hədis; 11)Əskəri – 22 hədis.
Qeyd
olunması lazım olan məsələlərdən biri də budur ki, bəzi sünni
mənbələrində Həzrət Məhdinin (ə) atasının adı Abdullah qeyd
edilmişdir.1 Halbuki şiə və sünni mənbələrindəki bir çox hədislər o
Həzrətin atasının adının Həsən olduğuna dəlalət edir. Bu ixtilafın
mənşəyi o olmuşdur ki, bəzi sünni mənbələrində o Həzrətin nişanələri
sırasında Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) aşağıdakı
ifadəsi qeyd olunmuşdur: "Onun (Məhdinin) adı mənim adımdan, atasının
da adı mənim atamın adından olacaq...” Əldə olan faktlar göstərir
ki,"atasının adı da mənim atamın adından olacaqdır” ifadəsi Peyğəmbərin
(səlləllahu əleyhi və alihi və səlləm) sözündə olmamış və hədis
söyləyən özü onu bilərəkdən, ya da bilmədən Peyğəmbərin (səlləllahu
əleyhi və alihi və səlləm) cümləsinə əlavə etmişdir. Peyğəmbər
(səlləllahu əleyhi və alihi və səlləm) isə yalnız "onun adı mənim
adımdan olacaqdır” - deyə buyurmuşdur. Hafiz
Gənci Şafei bu barədə deyir: "Tirmizi bu hədisi rəvayət etmiş, lakin
həmin hədisdə sonuncu cümlə gəlməmişdir. Həmçinin, bu kimi məsələlərə
çox diqqətlə yanaşan Əhməd ibn Hənbəl bu hədisi öz "Müsnəd”ində bir
neçə yerdə qeyd etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.”
Sonra Gənci əlavə edib deyir: "Sünnilərin mötəbər hədisçilərinin bu
barədə söylədikləri rəvayətlərin heç birində sonuncu cümlə qeyd
olunmamışdır. Təkcə Zaidə adlı bir şəxsin Asimdən söylədiyi rəvayətdə
bu cümlə qeyd olunmuşdur. Zaidə isə hədislərə özündən bəzi şeylər əlavə
etdiyindən onun söylədiyi hədisə etibar edilmir. Bu məsələnin şahidi də
odur ki, bu hədisi Asim adlı bir şəxs rəvayət etmiş, Hafiz Əbu Nüeym
"Mənaqibül-Məhdi” kitabında bu hədisi söyləmiş otuz bir nəfərin adını
çəkmiş və onların hamısı onu Asimdən rəvayət etmiş və heç birinin
hədisində sonuncu cümlə gəlməmişdir. Yalnız Zaidənin rəvayətində o
cümlə gəlmişdir. Təbii ki, bir nəfərin də rəvayəti bu qədər adamın
rəvayətinin müqabilində etibarlı sayıla bilməz.” İbn
Xəldun və Məhdi (ə) haqqında nəql olunmuş rəvayətlər Sünni alimlərinin
demək olar ki, hamısının Məhdi (ə) barədə deyilmiş rəvayətləri qəbul
etdiyi mə᾽lum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun
bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn
Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam
olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və
alihi və səlləm) ailəsindən bir nəfər mütləq, zühur edib dini
möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona
tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin
adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və
sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib
Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (ə)
Məhdinin arxasında namaz qılacaq... Məşhur
hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzaz, İbn
Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (ə) haqqında olan hədisləri öz
kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (ə), İbn Abbas,
Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu
Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət
etmişlər. Bu hədisləri inkar edib onların sənədində mübahisə edənlər də
çoxdur. Hədis elminin mütəxəssisləri arasında belə bir qayda var ki,
cərh tədildən irəlidir. Belə olduğu halda əgər biz bu hədisləri
söyləmiş ravilərin bəzilərində unutqanlıq, əqidə çatışmamazlığı və ya
pozğunluğu kimi zəif cəhətlər müşahidə etsək, həmin hədislər etibardan
düşür...” Sonra
o, (İbn Xəldun) bu hədislərdən bir neçəsini qeyd etmiş, onları söyləmiş
ravilərin avtobioqrafiyasını araşdıraraq bəzilərini etibar oluna
bilməyən hesab etdikdən sonra deyir: "Budur, hədisçilərin Məhdi (ə) və
onun qiyamı barədə söylədikləri rəvayətlər. Özünüz də gördünüz ki,
onların bir neçəsi istisna olmaqla hamısı mübahisəlidir.” Bu, İbn Xəldunun Məhdi (ə) barədə deyilmiş rəvayətlərə münasibətinin qısa məzmunu idi. Hədis
elminin mütəxəssisləri, istər şiə olsun, istərsə də sünni hamı bir
nəfər kimi onun iddialarını qəti sübutlarla inkar edərək sözlərini
əsassız hesab etmişlər. İndi nümunə üçün Mədinə Universitetinin rektoru
Şeyx Əbdülmöhsün İbadın bu barədə dediklərinin qısa məzmununu qeyd
edirik. O,
"Sünnə əhlinin gözlənilən Məhdi haqqında əqidəsi” mövzusuna dair
keçirilmiş konfransda İbn Xəldunun nəzəriyyəsini rədd edərək demişdir: a)Əgər
Məhdi (ə) haqqında deyilmiş hədisləri hədis mütəxəssisi olan bir şəxs
inkar etsəydi, bu barədə şəkk etməyə dəyərdi. Ancaq bu barədə
mütəxəssis olmayan tarixçilərin şübhəsi yersizdir. Şeyx Əhməd Şakir
yaxşı deyib ki, İbn Xəldun bilmədiyi bir işə baş qoşmuş, əhli olmadığı
bir meydana girmişdir. O, öz yazdığı "Əl-Müqəddimə” kitabında Məhdiyə
ixtisas verdiyi fəsildə təəccüb ediləsi sözlər demiş və açıq-aşkar
səhvlərə yol vermişdir. O,hədisçilərin hədis elmində "cərh tədildən
üstündür” demələrindən məqsədin nə olduğunu heç anlamamışdır. b)İbn
Xəldun "Əl-Müqəddimə”də Məhdi əleyhissəlama ixtisas verdiyi fəsildə
etiraf edir ki, tarix boyu bütün müsəlmanlar arasında belə bir inam
olmuşdur ki, dünyanın axır vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və
alihi və səlləm) ailəsindən mütləq, bir nəfər zühur edəcək... Tarix
boyu bütün müsəlmanlarda belə bir inamın olmasına etiraf etdiyi halda,
İbn Xəldunun özünün də hamının qəbul etdiyi bu əqidəni qəbul etməsi
daha məqsədəuyğun olmazdımı? Bütün müsəlmanların əqidəsinin onun şəxsi
əqidəsilə zidd olduğu bir halda bu, necə deyərlər özünü kənaraçəkmə
demək deyilmi? Deməli, bütün müsəlmanlar səhv başa düşmüş, təkcə İbn
Xəldun doğru anlamışdır? Ümumiyyətlə, bu,araşdırılası, əqli yolla başa
düşüləsi bir məsələ deyil. Əksinə, bu, nəqli və qeybi bir məsələdir.
Kiminsə onu Quran və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)
sünnəsindən başqa bir sübutla isbat etməsi düzgün deyil. Bu isə bütün
müsəlmanların nəzəriyyəsini təsdiqləyir və onlar bu nəqli məsələdə
mütəxəssislərdir. v)İbn
Xəldun bu hədisləri araşdırıb öz etirazını bildirməzdən qabaq deyir:
"İndi bu barədə deyilmiş hədisləri qeyd edəcəyik.” Hədisləri qeyd
etdikdən sonra deyir: "Budur,hədisçilərin Məhdi (ə) və onun dünyanın
sonunda qiyam edəcəyi barədə rəvayət etdiyi hədislər.” Başqa bir yerdə
isə deyir: "Hədisçilərin Məhdi (ə) haqqında rəvayət etdiyi hədislərin
hamısını bacardığımız qədər qeyd etdik.” Halbuki, o, Məhdi (ə) haqqında
deyilmiş hədislərin çoxunu qeyd etməmişdir. Bunu Süyutinin
"Əl-Ürfül-virdi fi-əxbaril Məhdi” kitabından da əldə etmək olar. İbn
Xəldun, İbn Qəyyimin "Əl-Minarül-münəyyif” adlı kitabında mötəbər
sənədlə qeyd etdiyi hədisdən də xəbərsiz qalmışdır. q)İbn
Xəldun bu hədislərin bəzisini qeyd etmiş, onların bəzilərinin sənədini
ravilərinə görə etibarsız saymışdır. Halbuki, Buxari və Müslim, ya heç
olmasa onların biri öz səhihlərində həmin ravilərdən hədislər rəvayət
etmiş və alimlər onların sənədlərində heç bir irad tutmamışlar. d)İbn
Xəldun özü etiraf edir ki, Məhdi barədə deyilmiş hədislərin az bir
qismi sənəd cəhətdən mötəbər və iradsızdır. Elə isə qeyd etməliyik ki,
İbn Xəldunun özünün qəbul etdiyi həmin hədislər də bu məsələnin isbata
yetməsi üçün kifayət edir və başqa hədislər də onları təsdiqləyir. Məhdi
əleyhissəlamı gözləmək və Məhdilik iddiası edənlər İslam tarixinə nəzər
saldıqda, məlum olur ki, tarix boyu bir sıra məqam və mənfəət ardınca
olan şəxslər Məhdilik iddiası edərək özlərini Məhdi adlandırmış, ya da
bir dəstə avam insan kimlərisə Məhdi hesab etmişlər. Bu hərəkət
göstərir ki, "Məhdi” məsələsi və qeybi bir nicat verənin zühuruna inam
müsəlmanlar arasında qəti məsələlərdən biri olmuşdur. Məhdilik iddiası
etmiş şəxslərin də adı, ya bəzi xüsusiyyətləri o Həzrətlə uyğun
gəldiyindən onlar bu məsələdən istifadə edib özlərini Məhdi
adlandırmışlar. Əlbəttə, onlardan bəziləri heç də özləri belə bir iddia
etməmiş, lakin bir dəstə avam insan ya nadanlıq üzündən, ya hakim
dairələrin son dərəcə zülmü nəticəsində, ya Məhdinin (ə) zühurunda
tələsmələrinə görə, ya da başqa səbəblər üzündən Həzrət Məhdinin (ə)
nişanələrinin hamısına fikir vermədən səhvə yol verərək onları Məhdi
hesab etmişdir. Məsələn, müsəlmanlardan bir dəstəsi Məhəmməd ibn
Hənəfiyyəni Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) eyniadlı
və eynikünyəli olduğuna görə Məhdi hesab etmiş və belə fikirləşiblər
ki, o ölməyib qeybə çəkilmiş, sonradan zühur edərək dünyanın hakimi
olacaqdır. İsmailiyyə firqəsinin bir dəstəsi bu əqidədə olmuşdur ki,
İmam Sadiqin (ə) oğlu İsmayıl ölməmiş, onun ölümü məsləhət üzündən
e᾽lan olmuş, o, elə vəd olunmuş Məhdidir və ölümündən qabaq qiyam
edərək bütün dünyaya hakim olacaq. Abdullah ibn Həsənin oğlu
Nəfsi-Zəkiyyə ləqəbi ilə məşhur olmuş Məhəmməd, Abbasi xəlifəsi Mənsur
Dəvaniqinin hakimiyyəti dövründə qiyam etmiş, adının Məhəmməd olmasına
görə atası onun Məhdi olduğunu iddia etmiş və bu yolla oğlu üçün çoxlu
tərəfdar toplamışdı. Nəfsi-Zəkiyyənin qiyamı zamanı Mədinənin fəqih və
abidlərindən olan Məhəmməd ibn Əclan onu himayə edirdi. Nəfsi-Zəkiyyə
məğlub olaraq öldürüldükdən sonra Mədinə hakimi Cəfər ibn Süleyman
Məhəmməd ibn Əclanı çağırtdırıb ona deyir: "Nəyə görə o yalançını
himayə edirdin?” Sonra da onun əlini kəsdirmişdir. Məclisdə hazır olan
Mədinə əyan-əşrafı Cəfər ibn Süleymandan Məhəmməd ibn Əclanın əfv
olunmasını istəyərək deyir: "Ya Əmirəl-möminin! Məhəmməd ibn Əclan
Mədinənin fəqih və abidlərindəndir, bu işdə səhvə yol vermiş və
Nəfsi-Zəkiyyəni rəvayətlərdə gəlmiş Məhdi ilə oxşadıb qarışıq salmışdır. Bu
hadisədən eynilə Mədinənin böyük hədisçi və alimlərindən olmuş Abdullah
ibn Cəfərin də başına gəlmiş və o da Mədinə hakiminin cavabında
demişdi: "Mənim Məhəmməd ibn Abdullah (Nəfsi-Zəkiyyə) ilə həmkarlıq
etməyimin səbəbi onun rəvayətlərdə vəd olunmuş Məhdi olduğuna inamım
olmuşdur. O ölənə qədər bu məsələ barədə heç bir şübhə etmirdim, lakin
o öldükdən sonra bildim ki, o, Məhdi deyil. Bundan sonra heç kimin
hiyləsinə aldanmaram. Əsl
adı Abdullah və oğlunun adı Məhəmməd olan xəlifə Mənsur isə öz oğluna
Məhdi ləqəbi qoyub iddia edirdi ki, vəd olunmuş Məhdi Nəfsi-Zəkiyyə
deyil, məhz mənim oğlumdur. Tarixə
nəzər saldıqda bəzi firqələrin keçmiş İmamlardan bəzilərinin Məhdi
olması haqda əqidəsini də müşahidə edirik. Məsələn, Navusiyyə firqəsi
İmam Sadiqi (ə) Məhdi, sağ və qeybə çəkilmiş İmam kimi tanıyırdı.
Vaqifiyyə məzhəbi isə eynilə bu əqidəni İmam Museyi-Kazimə (ə) aid
edirdi. Onlar belə güman edirdilər ki, İmam Kazim (ə) dünyanın Şərq və
Qərbini tutmayınca, dünya zülmlə dolduğu kimi ədaləti bərpa etməyincə
ölməyəcək. Onların fikrincə vəd edilmş Məhdi elə İmam Kazim (ə)
olmuşdur. Nəhayət, bəziləri də İmam Əskərinin (ə) vəfatından sonra onun
ölməsini inkar edərək demişlər ki, o, diridir və qeybə çəkilmişdir.
Məhdi onun özüdür. Bunlar
Həzrət Məhdi əleyhissəlama inamın həm Peyğəmbər (səlləllahu əleyhi və
alihi və səlləm) dövründə, həm də ondan sonra olmasını təsdiqləyən
nümunələrdir. Bu hadisələr göstərir ki, İslam ümməti daima qiyam edərək
zülmə qarşı mübarizə edəcək və dünyada ədalət bayrağı dalğalandıracaq
bir şəxsin intizarında olmuşdur. Təbii məsələdir ki, tarix boyu bəzi
şəxslərin məhdilik mövzusundan istifadə edərək özlərini Məhdi
adlandırması bu məsələnin əsl mahiyyətini inkar edə bilməz. Çünki
əsrlər boyu bir çox həqiqətlərdən kimlərsə mənfi istifadə etmişdir.
Dünyada Allahlıq, peyğəmbərlik, yaxud başqa mənəvi məqamlar iddiasında
olanlar da az olmamışdır. Yalançı dinlərin də sayı az deyil. Ancaq
bunlar heç vaxt Allahı, yaxud peyğəmbərliyi inkar etmək üçün kiməsə
sübut ola bilməz. Hal-hazırda bəziləri elm, texnika və sənayedən
bəşəriyyətə zidd olan işlər məqsədilə istifadə edirlər, ancaq bu, heç
də bizə elm, texnika və sənayenin əsl mahiyyətini inkar etməyə əsas
vermir.
Qurani-Kərim
Həzrət Məhdinin (ə) zühur və qiyamı barədə (bir çox başqa sahələrdə
olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yəni,
Quran ümumdünya ədalətli hökumət qurulacağından, əməlisaleh insanların
yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir. Bu ayələri
İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Məhdi əleyhissəlama,
onun qiyamı və zühuruna aid etmişlər. Alimlərin bu məsələyə aid
etdikləri ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış
ayələrdən üçünü qeyd edirik. 1)
"Biz kitabdan [Tövratdan, yaxud lövhi-məhfuzdan] sonra Zəburda da yer
üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.” Bu
ayəni izah edərkən qeyd etmək lazımdır ki, ayədə gəlmiş "zikr” (kitab)
sözü əslində "nəyisə xatırlamaq” mənasınadır, ancaq bu ayədə Həzrət
Musa əleyhissəlama Allah tərəfindən göndərilmiş kitab – Tövrat nəzərdə
tutulmuşdur. Buna sübut isə onun Zəburdan qabaq qeyd olunmasıdır. Başqa
bir təfsirə əsasən, ayədəki "zikr” (kitab) sözü Qurana işarədir. Çünki
Quranın özündə bir neçə yerdə Quran "zikr” adı ilə qeyd olunmuşdur.
Məsələn, "Təkvir” surəsinin iyirmi yeddinci ayəsində deyilir: "O,
[Quran] aləmlər [bütün insanlar və cinlər] üçün ancaq bir zikrdir
[öyüd-nəsihətdir].” Belə olduqda isə ayənin mənası "Biz kitabdan
[Tövratdan] sonra Zəburda da...” yox, "Biz kitabdan [Qurandan] əlavə
Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını
yazmışdıq” olur. Mərhum
Şeyx Müfid ("Əl-İrşad” kitabında) Həzrət Məhdi əleyhissəlama ixtisas
verdiyi fəslin başlanğıcında bu ayəyə və bundan sonra qeyd edəcəyimiz
ayəyə istinad etmişdir. Bu ayənin təfsiri barədə İmam Baqirdən (ə)
rəvayət olunmuşdur ki, ayədə deyilmiş "saleh bəndələr”dən məqsəd Həzrət
Məhdinin (ə) dünyanın axırında olacaq tərəfdarlarıdır. Quranın
görkəmli təfsirçisi mərhum Təbərsi "Məcməül-bəyan” təfsirində bu ayədən
bəhs edərkən qeyd etdiyimiz hədisi yazdıqdan sonra deyir: "Şiə və
sünnilərin Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) rəvayət
etdiyi aşağıdakı hədis bu məsələyə aiddir: "Əgər dünyanın sonuna bircə
gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən saleh bir
kişinin zühur edib dünyanı, zülmlə dolduğu kimi haqq-ədalətlə
dolduracağına qədər uzadar.” Quranın
Allahın saleh bəndələrinin yer üzünün hakimi olacağı məsələsinin Tövrat
və Zəburda da yazılmasına işarə etməsi bu mövzunun əhəmiyyətini
göstərir. Belə ki, bu məsələ ilkin peyğəmbərlərin də kitablarında
vurğulanmışdır. Diqqəti cəlb edən məsələ budur ki, bu mövzu Davud
peyğəmbərin dua, münacat və nəsihətlərini əhatə etmiş və hal-hazırda
Tövratın "Əhdi-qədim” hissəsində yer tapmış "Davudun nəğmələri”
kitabında da müxtəlif ifadələrlə gözə dəyir. Məsələn, otuz yeddinci
nəğmədə deyilir: "...Zalımların kökü kəsiləcək, Allaha arxalananlar isə
yer üzünün hakimi (varisi) olacaqlar. İndi isə zalımların olmaması çox
çətin məsələdir. (Yəni, indi zalımlar çoxdur). Yer üzünün hakimi
(varisi) olacaq təvazökarlar son dərəcə əmin-amanlıqdan ləzzət
alacaqlar” Həmin nəğmənin başqa bir hissəsində deyilir: "...Allaha
təbərrük edənlər (üz tutanlar) yer üzünün hakimi olacaq, məlunların
(Allahdan üz döndərmişlərin) isə kökü kəsiləcək.” 2)
"Yer üzündə zəif düşüb əzilənlərə [nemət verib]mərhəmət göstərib onları
öndə gedən və yer üzünün varisləri [hakimi] etmək istəyirik.” "Məhdi
(ə) şiə mənbələrində” adlı başlıqda danışarkən qeyd etdik ki, Həzrət
Əli (ə) Məhdinin (ə) qayıdacağı (zühur etməsi) və camaatın yenidən vəhy
ailəsinə tərəf üz tutacağı barədə söhbət etdikdən sonra indi qeyd
etdiyimiz ayəni oxumuşdu. Ələvilərdən
olub Abbasi xəlifəsi Məmuna qarşı qiyam qaldırmış Məhəmməd ibn Cəfər
deyir ki, bir gün rastlaşdığım çətinlikləri Malik ibn Ənəs üçün
açıqladım. O, mənə dedi ki, səbr et, qoy "Yer üzündə zəif düşüb
əzilənlərə mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri
etmək istəyirik” ayəsi çin çıxsın. 3)
"Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə
ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən
əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özü
bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra
əmin-amanlıqla [arxayınçılıqla]əvəz edəcəyini vəd buyurmuşdur.” Mərhum
Təbərsi bu ayənin təfsirində deyir: "Peyğəmbər ailəsindən rəvayət
olunmuşdur ki, bu ayə Həzrət Məhdi (ə) barədə nazil olmuşdur. Əyyaşi
İmam Zeynül-abidin əleyhissəlamdan rəvayət etmişdir ki, o Həzrət bu
ayəni oxuyaraq buyurmuşdur: "And olsun Allaha ki,onlar (ayədə deyilmiş
şəxslər) biz əhli-beytin şiələridir. Allah bu işi bizim nəslimizdən
olan bir şəxs vasitəsilə həyata keçirəcək. Həmin şəxs bu ümmətin
Məhdisidir. O, həmin şəxsdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi
və səlləm) onun barəsində "Əgər dünyanın sonuna bircə gün belə qalsa,
Allah-taala həmin günü mənim nəslimdən olan bir şəxsin (zühur edib)
dünyaya hakim olacağı vaxta qədər uzadar. Onun adı mənim adımdandır.
Dünyada zülm və haqsızlıq baş alıb getdiyi bir halda o, dünyada
haqq-ədaləti bərpa edəcək” - deyə buyurmuşdur.” Təbərsi
daha sonra əlavə edib deyir: "Bu məna qeyd etdiyimiz ayənin təfsirində
İmam Baqir (ə) və İmam Sadiqdən (ə) da rəvayət olunmuşdur.” İmamın
qeyb dövründə olmasının faydaları İndi ki, Həzrət Məhdi (ə) haqqında
söhbətimiz bura yetişdi, onda ona aid olan əsas suallardan birinə cavab
verməyimiz lap yerinə düşər. Sual budur ki, İmamın qeyb dövründə
olmasının nə kimi faydası var? Başqa sözlə desək, İmamın qeyb dövründə
yaşaması bir rəhbər kimi ümumi həyat tərzi deyil, xüsusi yaşayışdır.
Belə olduğu halda, onun müqəddəs vücudunun ümumi müsəlmanlar üçün nə
kimi xeyri ola bilər və camaat ondan nə kimi istifadələr edə bilər? Nəzərə
almaq lazımdır ki, İmamın qeybdə olması heç də o demək deyildir ki, o
Həzrətin vücudu görünməz bir ruha, yaxud görünməz bir dalğaya və bu
kimi şeylərə çevrilmişdir. Əksinə, o da təbii həyat sürür, sadəcə
olaraq onun ömrü uzundur. O Həzrət camaat arasında, cəmiyyət
içərisindədir, müxtəlif yerlərdə yaşayır, lakin naməlum şəkildə.
Naməlum olmaqla görünməz olmaq arasında isə (yerdən göyə qədər) fərq
vardır. İmam Sadiq (ə) buyurardı ki, camaat öz İmamını itirəcək, o,
həcc mövsümü zamanı ziyarətə gələrək camaatı görər, camaat isə onu
görməz. Gizli
Günəş Qeyd etdiyimiz sualın cavabında xatırlamaq lazımdır ki, bu sual
heç də yeni və təkcə müasir dövrümüzə aid bir sual deyil. İslami
rəvayətlərdən belə başa düşülür ki, hətta Həzrət Məhdi (ə) anadan
olmazdan qabaq da, bu sual irəli sürülmüş və istər Peyğəmbər
(səlləllahu əleyhi və alihi və səlləm), istərsə də İmamlar Həzrət Məhdi
(ə) və onun uzun sürəcək qeybindən söhbət açdıqda bu sualla üzləşib ona
cavab vermişlər. Məsələn: 1)İslam
Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)
"Şiələr Həzrət Məhdinin (ə) qeybdə olduğu müddət ərzində ondan istifadə
edə biləcəklərmi?” sualının cavabında buyurmuşdur: "Bəli, and olsun
məni Peyğəmbər seçmiş Allaha ki,günəş bulud arxasında olarkən insanlar
onun nurundan istifadə etdikləri kimi onun qeybdə olduğuna baxmayaraq,
şiələr ondan istifadə edəcək, İmamətinin nurundan bəhrələnəcəklər.” 2)İmam
Sadiq (ə) buyurmuşdur: "Allah-taala Həzrət Adəm əleyhissəlamı yaratdığı
gündən Qiyamətə qədər yer üzü heç vaxt İlahi hüccətsiz olmamış və
olmayacaqdır. İstər zahiri və aşkar hüccət olsun, istərsə də qeybdə və
gizlində olan hüccət. Əgər yer üzündə İlahi bir hüccət olmasa, Allaha
sitayiş olunmaz.” Rəvayəti söyləyən şəxs İmamdan soruşur ki, camaat
qeybdə olan İmamdan necə istifadə edəcək? İmam Sadiq (ə) buyurur:
"Günəşdən bulud arxasında olarkən istifadə etdikləri kimi.” 3)Həzrət
Məhdinin (ə) özü də bu məsələ üzərində çox təkid etmişdir. O Həzrət
İshaq ibn Yəqubun yazdığı suala cavab verərək buyurmuşdur: "Camaatın
məndən istifadə etməsi eynilə bulud arxasında gizlənmiş günəşdən
istifadə etmələri kimidir.” Bu bənzətmənin açıqlamasında qeyd etmək
lazımdır ki, günəşin işıq verməsi iki növdür. Biri bilavasitə, digəri
isə vasitəli yolla işıq vermədir. Günəş bilavasitə işıq verəndə onun
şüaları görünür, vasitəli işıqvermədə isə bulud günəşin qarşısını alır
və onun nurunu cəzb edərək ətrafa paylayır. Günəşin
canlı aləmin inkişafında misilsiz xidməti onun bilavasitə təbiətə işıq
verdiyi vaxta aiddir. Lakin onun istilik vermə, bitkilərin açılması və
yetişməsi, həyat üçün lazım olan enerji istehsalı, ağacların bəhrə
verməsi,güllərin açılması kimi işlərdə təsiri bulud arxasında olarkən
də özünü göstərir. İmamın qeyb pərdəsi arxasında olarkən mənəvi
şüasının da bir sıra təsirləri vardır ki, təlim-tərbiyənin və
bilavasitə rəhbərlik etməsinin dayanması onun vücudunun fəlsəfəsini
aşkar edir. İndi həmin təsirlərdən bir neçəsini qısaca olaraq qeyd
edirik. 1.
Dünyanın döyünən ürəyi İmamət mövzusuna dair rəvayət olunmuş hədislərə
və eləcə də, alimlərin gətirdiyi sübutlara əsasən, İmam dünyanın
ürəyidir. Dünya bütün əzəmətilə ona bağlıdır. İmam varlıq aləminin
qəlbi, dünyanın mərkəzi və Allahla məxluqat arasında bir vasitədir.
Buna görə də, onun açıqda olması ilə qeybdə olmasının heç bir fərqi
yoxdur. Lakin o, dünyada olmazsa bütün aləm bir-birinə dəyər. İmam
Sadiqin (ə) dili ilə desək "Əgər yer üzü (bir an) İmamsız qalsa, öz
sakinlərini kamına çəkər.” İmam Zeynül-abidin (ə) buyurmuşdur: "Bizə
görə Allah-taala asimanı yerə gəlməkdən, yerin lərzəyə gəlib
sakinlərini məhv etməkdən saxlamışdır. Bizə görə Allah-taala yağış
yağdıraraq Öz rəhmətini yayır və yerdə olan nemətləri üzə çıxarır.
Ancaq yer üzündə bizim nəsildən olan bir şəxs olmasa, yer öz
sakinlərini kamına çəkər.” 2.
Allah dinini qorumaq Əmirəl-möminin Həzrət Əli (ə) hər vaxt İlahi bir
rəhbərin olmasının zərurətini vurğuladığı çıxışlarından birində
buyurur: "İlahi, həqiqətən də belədir, yer üzü heç vaxt zühur edəcək və
Allahın hüccəti olan bir şəxssiz olmamışdır. İstər həmin şəxs aşkarda
olsun, istərsə də qeybdə. Bu, ona görədir ki, açıq-aşkar İlahi sübutlar
itib batmasın...” Zaman
keçdikcə şəxsi fikirlərin məzhəbi (dini) məsələlərə qarışması və
xəyanətkar əllərin səmavi təlimlərə tərəf uzadılması nəticəsində bir
sıra İlahi qanunlar öz həqiqətini itirir və din bəzi təhriflərə məruz
qalır. Allahın göndərdiyi səmavi dinin həqiqətinin qorunub saxlanılması
və təhriflərin qarşısının alınması məqsədilə bu vəzifə (dini qorumaq
vəzifəsi) Allah tərəfindən seçilmiş bir İmam vasitəsilə davam
etdirilməlidir. Hər hansı bir mühüm müəssisədə həmin idarənin
sənədlərini oğrudan, yanğından və bu kimi hadisələrdən qorumaq
məqsədilə seyflər qoyulur. İmamın qəlbi və böyük ruhu da səmavi
təlimləri ilk nazil olduğu gün kimi gözləmək məqsədilə İlahi
qayda-qanunları qoruyub saxlamaq üçün bir seyfdir. Hafiz ibn Həcər
Əsqəlani "Səhihi-Buxari” kitabına yazdığı şərhdə Həzrət Məhdinin (ə)
zühuru zamanı Həzrət İsa əleyhissəlamın göydən enərək onun arxasında
namaz qılacağı barədə rəvayət olunmuş hədisləri qeyd etdikdən sonra
yazır: "Həzrət İsa əleyhissəlamın dünyanın sonunda və Qiyamətə yaxın
vaxtda göydən enərək bu ümmətdən olan bir nəfərin arxasında namaz
qılması İslam alimləri arasında tamamilə düzgün olan bu nəzəriyyəni
təsdiq edir ki, yer üzü heç vaxt aşkar sübutlarla Allaha görə qiyam
edəcək bir hüccətsiz olmamışdır.” 3. Ümid vermək Döyüş
meydanlarında fədakar döyüşçülərin bütün diqqəti düşmən qarşısında öz
bayraqlarının dalğalanmasında olur. Bunun əksinə olaraq düşmən
ordusunun da yeganə məqsədi onların bayrağını aşağı endirməkdir. Bunun
səbəbi də odur ki, bayrağın dalğalanması döyüşçüləri həvəsləndirərək
onlara ümid verir və daha artıq səy göstərmələrinə səbəb olur.
Həmçinin, ordu başçısının da öz yerində olması döyüşçülərdə ruh
yüksəkliyi yaradır. Ordu başçısı nə qədər sakit dursa da, yenə
döyüşçüləri həvəsləndirir və daha artıq qəhrəmanlıq göstərməyə cəlb
edir. Ancaq ordu başçısının öldürülməsi xəbəri yayıldıqda, böyük bir
ordu bütün ruhiyyəsini itirir, hazırlığını əldən verərək başsız qalır.
Nə qədər ki, bir ordu, yaxud bir cəmiyyətin başçısı sağdır, bu onların
ruhiyyəsinin artmasına səbəb olur. Hətta başçı səfərdə, yaxud ölüm
yatağında olsa belə, yenə də ordu, ya cəmiyyətin fəaliyyətdə olmasına
gətirib çıxarır. Lakin onun ölüm xəbəri bütün ordunu, cəmiyyəti
ruhiyyədən salır. Şiə məzhəbi sağ qalmış İmama olan əqidəsinə görə onu
öz aralarında görməsə də, özünü başçısız hiss etmir. Təbii ki, bu əqidə
qəlblərdə ümid işığını saxlamaqda və camaatı özlərinə yetişib böyük bir
ümumdünya qiyamına hazırlaşmaqda öz təsirini göstərir. Fransanın Sarbon
universitetində fəlsəfə dərsi deyən görkəmli fransız şərqşünası,
professor Hanri Kerben deyir: "Mənim fikrimcə şiə məzhəbi Allahla
bəndələr arasında əlaqəni həmişə qoruyub saxlamış və İmamətə əbədiyyət
qazandırmış yeganə məzhəbdir. Yəhudilər Allahla insanlar arasında əsl
vasitə olan nübüvvəti (peyğəmbərliyi) Həzrət Musa (ə) ilə qırılmış
hesab edərək ondan sonra gəlmiş Həzrət İsa (ə) və Həzrət Məhəmmədi
(səlləllahu əleyhi və alihi və səlləm) Peyğəmbər kimi qəbul etməmişlər.
Eləcə də, məsihilər. (Onlar da bu vasitəni Həzrət İsa (ə) ilə sona
çatmış bilirlər.) Müsəlmanların sünni məzhəbi də, Həzrət Məhəmməddən
(s) o tərəfə getməmiş və nübüvvətin Məhəmmədlə (s) sona çatdığından
sonra Allahla məxluqat arasında heç bir vasitə olduğuna inanmamışdır.
Lakin şiə məzhəbi Həzrət Məhəmmədlə (səlləllahu əleyhi və alihi və
səlləm) nübüvvətin başa çatması əqidəsində olsa da, təkamül və hidayət
vasitəsi olan "İmamət”i həmişə qoruyub saxlayan yeganə məzhəbdir.”
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər [ Qeydiyyat | Giriş ]
Sayta Giris
Axtarış
İstifadəçi Paneli
Qarabağı Unutma!!
Ana Yurdum Azərbaycanım
Xocavənd - 08.02.1992 Xocalı - 26.02.1992 Şuşa - 09.05.1992 Laçın - 17.05.1992 Kəlbəcər - 06.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cebrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 25.10.1993