Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki
şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən
ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində
təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd
Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir (1951).
Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap
etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi
məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk
kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib
çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və
poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi
planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan",
"Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya",
"Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.
Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun
həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdir (1964).
Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı
kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı
ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra
həqiqi üzvü (2000)
seçilmişdir. 1981-ci
ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə
Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının
İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991).
Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi
tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış
Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci
illərdə Azərbaycan Milli
Məclisinə deputat seçilmişdir. 1976-cı ildə
"Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət
mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995)
ordenləri ilə təltif olunmuşdur.
Bəxtiyar Vahabzadə
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan mili azadlıq hərəkatının
öncüllərindən biri idi. O, 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə
parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars
imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və
istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.
Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan
Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa
edilmişdir. Sovet rejimində milli varlığı tapdanan, hər cür
məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif
ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində
hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin
dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən
əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər"
başlığı altında nəşr etdirmişdir.
Bəxtiyar Vahabzadə və Heydər Əliyev
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın,
11 elmi publisist kitabın və yüzlərlə məqalənin,
eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın
müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik
yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars,
türk,
polyak,
ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə
edilmişdir.
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər [ Qeydiyyat | Giriş ]
Sayta Giris
Axtarış
İstifadəçi Paneli
Qarabağı Unutma!!
Ana Yurdum Azərbaycanım
Xocavənd - 08.02.1992 Xocalı - 26.02.1992 Şuşa - 09.05.1992 Laçın - 17.05.1992 Kəlbəcər - 06.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cebrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 25.10.1993