B, 29.12.2024,
Bizi Nece Tapmısınız Qonaq | RSS
.......ANA....
........YURDUM...........
.......AZƏRBAYCAN.......

Bölmələr
Xəbərlər
Islam
Proqramlar
Mobil dünya
Oyunlar
Tema
Web Usta
Torrent
Dini
Azəri
RaP
Türk
Xarici
Sevgi
Maraqlı
Tanınmışlar
Lətifələr
Şəkillər
Video
İdman
Texnologiya
Sayt Xəbərləri

Zaycev.Fm

Reklam

Dost Saytlar
  • Farmakoloq.Tk
  • Islamqadini
  • Baykot İsrail
  • Dini Saytımız

  • UnitedAz Yükləmələri



    Oyun

    height=
    Əsas Səhifə » Fayl » Tanınmışlar

    Aşıq Ələsgər
    07.05.2010, 18:04

    Aşıq Ələsgər (1821 - 1926) - Azərbaycan el şerinin ən böyük nümayəndələrindən və bu şerin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şerinə misilsiz xidmətlər göstərmişdir.


    O bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında boyük iz buraxmışdir.


    Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcniz, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə biruzə verməkdədir. Görkəmli Azərbaycan şairi Səməd Vurğun öz çıxışlarının birində bele demişdir: "Hansı mövzuya əl atıram, hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm". Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı İslamı da dərindən bilən birisi kimi ad qoymuş və bu sahəyə öz yaradıcılığında geniş yer vermişdir.


    Ələsgər xümsünən zəkatın verə

    Əməlin mələklər yaza dəftərə,

    Hər yanı istəsə, baxanda görə,

    Təriqətlə bu sevdalı gərəkdir

    - deyən Dədə Ələsgər öləcəyi günü belə bir gün öncədən öz yaxınlarına xəbər vermişdir. Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgər xalq tərəfindən sevib sevilmiş və el ağsaqqalına çevrilmişdir.


    Həyatı


    Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndinin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti əkinçilik və dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şer qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.


    Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 baş külfətini bir qarın ac, bir qarın tox dolandırır.


    Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 4 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.


    Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10-12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona "pullu Məhərrəm" deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.

    [redaktə / تحریر]

    Ustad sənətkar


    O, ilk şerlərini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləmişdir. Səhnəbanıdan ayrılandan sonra isə ilhamı daha da coşub-çağlamış, çalıb-oxumağa, söz deməyə meyli çoxalmışdır. Bu zaman atası onu qızılvəngli Aşıq Alının yanına aparmış, Ələsgər Alının şəyirdi olmuşdur.


    Bir müddət ustad yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da öyrənmişdir. Aşıq Alı onu tamam hazırlayandan sonra bir toy məclisində Ələsgərlə deyişmiş və şəyirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə özünü qəsdən məğlub edərək sazını qalib tərəfə-Ələsgərə təslim etmək istəmişdir. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtirəmını bu sözlərlə ifadə etmişdir:


    Bir şəyir ki, ustadına kəm baxa,

    Onun gözlərinə qan damar, damar.


    Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq etmiş, ağır toy məclisləri aparmışdır. Tezliklə onun şöhrəti qonşu mahallara yayılmış, Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə, gəncəyə, Kəlbəcərə çağrılmış, hər yerdə özünün yüksək mərifəti, ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyren qoymuşdur.


    Aşıq Ələsgərin səsi, nəfəsi, mənəvi-əxlaqi zənginliyi kimi zahiri görkəmi də aşıqlıq sənəti üçün biçilmişdi. Müasirlərinin dediyinə görə o, ucabay, enlikürək, bədəncə sağlam, qüvvətli imiş. Qara gözləri, qalın çatma qaşları, dolu sifəti, iri burnu varmış. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər, başına buxara papaq qoyarmış. Başını təmiz qırxdırıb saqqal saxlarmış. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirər, zil nazik səsi ilə çox şirin və məlahətli oxuyarmış.


    Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində şöhrətləndirmiş, ustad bir sənətkar kimi məşhurlaşmışdır. Tezliklə aşığın ətrafına çoxlu şəyirdlər toplaşmış, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa salmış, saz tutub söz deməyi öyrətmişdir. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınıb məşhurlaşmışlar. Ustad özü şerlərinin birində çoxlu şəyirdlər yetişdirməsini xatırlayaraq iftixarla deyirdi:


    Adım Ələsgərdi, mərdi-mərdana,

    On iki şəyirdim işlər hər yana.

    [redaktə / تحریر]

    Həyat keşməkeşləri


    İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalmış, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənmişdir. O, gözəl bir ailə başçısı olmuş, həmişə uşaqlarının maddi-iqtisadi qayğılarını çəkmişdir. Övladlarının nazı ilə oynayan aşıq, eyni zamanda, öz əməksevərliyi, iş-gücü ilə onlara nümunə göstərmişdir.


    Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən, ömrünün axırına qədər əlini işdən çəkməyən bir adam imiş. Yaz-yay aylarında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olarmış. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş.Onun əlindən dülgərlik, araba bağlamaq, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınmışdır. XIX əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq xalqın şad günündə, toy-düyünündə çalıb-çağırmış, onun ağır vəziyyətini gördükdə baisi yamanlamış, ona lənətlər yağdırmışdır.


    Qoca yaşlarında Aşıq Ələsgərin həyatında bir neşə bədbəxt hadisə baş verir. 1910, yaxud 1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb Ağkilsəyə gəlir. Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürür.Bu hadisədən möhkəm təsirlənən aşıq:


    Nagah badi-sərsər əsdi üstümə,

    Ömür bostənımın tağı kəsildi.

    Öz əlimlə xəta dəydi özümə,

    Bədəndən qolumun sağı kəsildi-

    bəndi ilə başlanan qoşmasını yazmışdır.


    1915-ci ildə aşığın həyatında daha kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir.


    1918-1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İii ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçmüş, bir neşə ay da orada qalmışdır. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi.Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Srınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.


    Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı günləri qurtarmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi.O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:


    Səksəni, doxsanı keçibdir yaşım,

    Əzrayıl həmdəmim, məzar yoldaşım.

    Gor deyə tərpənir bəlalı başım,

    Daha köç təbilin çal, qoca baxtım.


    Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qədiristənlığında dəfn olmuşdur. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya almış və nəşr etmişlər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap edilmişdir.

    [redaktə / تحریر]

    Əsərləri

    Şerlər, dastan-rəvayətlər, xatirələr–B.: Çinar-Çap, 2003.- 492 s.

    Gözüm bir alagöz xanıma düşdü: Say-seçmə şerlər.-B.: Yazıçı, 1993.-135 s.

    Hikmət dünyası.- B.: Ağrıdağ, 1987.- 40 s.

    [redaktə / تحریر]

    Yaradıcılığı


    GÖRMƏDİM


    Bivəfanın, müxənnəsin, nakəsin,

    Doğru sözün, düz ilqarın görmədim.

    Namərdin dünyada çox çəkdim bəhsin

    Namusun, qeyrətin, arın görmədim.


    Namərdi özümə mən dost eylədim,

    Yolunda canıma çox qəsd eylədim.

    Söyütdən bağ saldım, peyvəst eylədim

    Almasın, heyvasın, narın görmədim.


    Nəfs aldatdı, hər yetənə xan dedim,

    Bihuda kollara gülüstan dedim,

    Əbəs yerə bivəfaya can dedim,

    Zəhmətin çox çəkdim, karın görmədim.


    Huşum çaşdı, düşdüm olmaz oyuna,

    Yetmədim gözəlin əsli soyuna,

    Aşiq oldum simasına, boyuna,

    Hayıf ki, kamalda dərin görmədim.


    Ələsgər, elmində olma nabələd,

    Doğru söylə, sözün çıxmasın vələt.

    Şahiddə iman yox, bəydə ədalət,

    Qazıların düz bazarın görmədim.


    XOŞ GƏLDİN


    Qədəm qoyub asta-asta,

    Sən bu diyara, xoş gəldin!

    Süzdürüb ala gözləri.

    Qaşları qara, xoş gəldin!


    Oğrun durub, qıya baxdın,

    Müjganın sinəmə çaxdın,

    Cismimi yandırıb yaxdın,

    Alışdım nara, xoş gəldin!


    Qaynayıb, peymanım dolub,

    Saralıb gül rəngim solub,

    Həsrətin çəkməkdən olub,

    Sinəm sədpara, xoş gəldin!


    Dostun vəfasını gördüm,

    Seçib, sevib, könül verdim,

    Təzələndi köhnə dərdim,

    Dərdimə çara, xoş gəldin!


    Sinəmdi eşqin dəftəri,

    Sənsən dilimin əzbəri,

    Yazıq Aşıq Ələsgəri,

    Çəkməyə dara, xoş gəldin!



    DÜNYADA


    Sirat, sual qabaqdadı,

    Nədamətdı dünyada!

    Kəlməyi-şəhadət lazımdı,

    Ölən vaxtı dünyada.


    Tut orucun, qıl namazın,

    Şükür eylə Allaha.

    Qul olma dünya malına,

    Qalacaqdı dünyada.


    Yalan deyib, qeybət etmə,

    Rəhmin gəlsin canına.

    Öz-özünə fəxr eləyib,

    Baxma şövkət-şanına.


    Əzrayıl əlində çəngəl,

    Gələcəkdi yanına.

    Qəzəbindən gül irəngin

    Solacaqdı dünyada.


    Şagiridlikdə can çürütdüm,

    Hərgiz ustad olmadım.

    Nəfs öldürdüm, düz dolandım,

    Dostumdan yad olmadım.


    Ələsgərəm, qan ağladım,

    Ölüncə şad olmadım.

    Əzəl gündən fələk mənə

    Qara baxdı dünyada.



    EYLƏMİŞƏM


    Ala gözlüm, səndən ayrı düşəli,

    Hicranın qəmiylə kef eyləmişəm,

    Ah-vayınan günüm keçib dünyada,

    Dərd alıb, qəm satıb, nəf eyləmişəm.


    Səndən ayrı şad olmuram, gülmürəm,

    Canımdan bezmişəm, ölə bilmirəm,

    Nə müddətdi qulluğuna gəlmirəm;

    Bağışla təqsirim, səf eyləmişəm.


    Həsrət qoyma gözü gözə, amandı!

    Yandı bağrım, döndü közə, amandı!

    Keçən sözü çəkmə üzə, amandı!

    Hədyan danışmışam, laf eyləmişəm,


    İnsafdımı, gülə həmdəm xar ola?

    Tülək tərlan ovlağında sar ola?

    Ələsgər istəyir bir bazar ola,

    Seçmişəm gövhəri, saf eyləmişəm.



    AY SİNƏ, SİNƏ


    İbtida "əlif"dən dərsimi aldım,

    Oxudum yetişdim ay "sin"ə, "sin"ə.

    Nəkreyin sualın yadıma saldım,

    Nə deyim gedəndə ay sinə, sinə?


    Ovsunçular əllərinə mar alı,

    Zənbur fəmə şaqayıqdan mar alı,

    Kamil ovçu yəqin görüb maralı,

    Gedir bərəsinə ay sinə-sinə.


    Ələsgərəm, sənə ərzim budu, ağa,

    Yuyar qəssal, qəddim bükər budu, ağa.

    Məcnun könlüm-məskən salıb bu dağa,

    Müştaqdı Leylinin ay sinəsinə.


    YÜKÜM


    Ələstidən bəli dedim, nə xoş kamaldı yüküm,

    Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm.

    Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin,

    Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm.


    Nütfəsindən əyri olan tez göstərər isbatın,

    Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.

    Hərcayı hədyana sayar, naşı bilməz qıymatın,

    Əhli-urfan məclisində gövhər misaldı yüküm.


    Gəl ey biçarə Ələsgər, sığın şahi-Heydara,

    Onun damənindən tutan yəqin ki, yanmaz nara.

    Pirim özü nüsrət verdi, bu gün çıxdım bazara,

    Sərrafısan, aç baxgınan, gör nə cəlaldı yüküm.



    BAXIN


    Ariflər, fəhm eləyin, süzüb gedən yara baxın!

    Eyləyib müjganları sinəmi səd para, baxın!

    Aşığa rəhm eləmir, zalım sitəmkara baxın!

    Çəkirəm həsrətini, mən yazıq bimara baxın!

    Axır məni çölə salıb, eləyib avara, baxın!


    Yaraşır əndamına yaşılı, alı gözəlin;

    Ayaqda sağrı başmaq, başında şalı gözəlin;

    Tə`rifi, səs-sorağı tutub mahalı gözəlin;

    Hər yana şö`lə salır günəş camalı gözəlin;

    Açılıb yaxa bəndi, ağ sinəsi qara, baxın!


    Alıbdı qana-qana yaradandı pay bu sənəm;

    Behiştin pərisinə deyə bilməm tay bu sənəm;

    Xubluqda, gözəllikdə bədirlənmiş ay bu sənəm;

    Gah məndən üz döndərib, eylər ömrüm zay bu sənəm;

    Tərlandan nə ayrılıb, uyur yasar sara, baxın!


    Geyinib çıxır yenə, qəsd edir cana, sallanır;

    Baş əymir o, sərdara, sultana, xana sallanır;

    Bürümür gül camalın, mərdi-mərdana sallanır,

    Yusifi damə salan Züleyxayana sallanır;

    Görəni eşqə salan gözləri xumara baxın!


    Bu gözəl ağ gərdənə həmayılın taxdı, keçdi;

    Binəva, yazıq canımı eşq oduna yaxdı keçdi;

    Daldadan mənə sarı oğrun-oğrun baxdı keçdi;

    Naqafıl müjganların bu bağrıma çaxdı, keçdi;

    Dostuna endirməyən zalım vəfadara baxın!


    Danışır, gəlir xoşa bu dilbərin şəkər sözü;

    Yaraşıqdı, boy-buxunda budu gözəllərin gözü

    Gün kimi şö`lə verir, camalı, göyçək üzü,

    Basıbdı sinəm üstə bimürüvvət yanar gözü,

    Yandırır bu sinəmi, ol atəşə, nara baxın!


    Tökülür halqa-halqa Gözəlin dəstə telləri;

    Eyləyib Ələsgəri, billah ki, xəstə telləri;

    Qıymır, bimürvət gözəl, vəfalı dosta telləri;

    Qıvrılar qıvrım-qıvrım, gərdənin üstə telləri;

    Az qalır adam çala, o zülfü şahmara baxın!



    Bölmə: Tanınmışlar | Yükləyib: Bakugan
    Baxış Sayı: 2324 | Yüklənib: 0 | Reytinq: 0.0/0
    Bütün şərhlər: 0
    Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Sayta Giris

    Axtarış

    İstifadəçi Paneli


    Qarabağı Unutma!!

    Ana Yurdum
    Azərbaycanım

    Xocavənd - 08.02.1992
    Xocalı - 26.02.1992
    Şuşa - 09.05.1992
    Laçın - 17.05.1992
    Kəlbəcər - 06.04.1993
    Ağdərə - 17.06.1993
    Ağdam - 23.07.1993
    Cebrayıl - 18.08.1993
    Füzuli - 23.08.1993
    Qubadlı - 31.08.1993
    Zəngilan - 25.10.1993

    Teqlər

    Bizim Sorğu
    Saytımızda Ən Çox Nəyə Üstünlük Verirsiniz
    Bütün Səslər : 88

    Sayğaclar


    Ümumi onlayn: 3
    Qonaq: 3
    Istifadəçilər: 0







    iNet Rating - рейтинг интернет ресурсов Азербайджана

    Sizin Ip Adres

     18.227.46.54

    Əməliyyat Sistemi


    td style=

    By Ilkin Aliyev© 2024