Yəqin ki, hər birimiz
ömrümüzdə bir dəfə də olsa, xətrimizə dəyən zarfatla qarşılaşmışıq. O
zaman bəlkə də o zatafatı edən adamdan incimişik də. Əslində zarafat
etmək insanın fitrətindən gələn bir haldır. Bu, insanda xoş duyğular
əmələ gətirir, onun həyata baxışının optimist tərzdə tənzimlənməsinə
kömək edir.
Lakin bununla belə İslamda zarafat etməyin öz ədəbləri mövcuddur ki,
müsəlman öz zarafatlarını bu qaydalara müvafiq tərzdə tənzimləməlidir.
Gözəl dinimiz İslam həyatımızın bütün sahələrinə sirayət etdiyi kimi,
gündəlik münasibətlərimizdə qarşılaşacağımız zarafatlarımızda belə,
müəyyən ölçü və ədəq qaydaları qoyub.
Gəlin, birlikdə nəzər yetirək, öyrənək görək zarafat edərkən hansı ədəb qaydalarına əməl etməliyik:
1. Zarafatlarda İslam dininə tənə gətirən, lağ edilən ton olmamalıdır.
Bilmək lazımdır ki, İslam dininin hər hansı atributunu zarafat, lağ hədəfi etmək müsəlmanı İslamdan çıxarır:
"(Ya Rəsulum!) Onlardan soruşsan: "Biz ancaq söhbət edib
zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: "Allaha, Onun
ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki
ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir
oldunuz.
(Quran, Tövbə, 65-66)
Allaha, Onun kəlamlarına, nişanələrinə, peyğəmbərlərinə lağ etmək,
bunları zarafat hədəfinə çevirmək müsəlmanı tövbə etmədiyi təqdirdə
kafir edir.
2. Zarafatda yalan olmamalıdır.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir:"Vay o kəsin halına
ki, insanları güldürmək üçün yalan danışır. Vay onun halına!"
Əbu Davud
3. Zarafat edərkən insanları qorxutmaq olmaz.
İbn Əbu Layla rəvayət edir ki, səhabələr bizə danışırdılar ki, bir dəfə
Peyğəmbərlə (səllallahu aleyhi və səlləm) səfərdə olarkən, onlardan
biri yuxuya getdikdə, digər səhabə birincinin əlində olan ipi dartdı və
ikinci qorxaraq yuxudan ayıldı. Peyğəmbər (səllallahu aleyhi və səlləm)
dedi:"Müsəlmana o biri müsəlmanı qorxutmağa icazə verməyin"
Əbu Davud.
Xüsusən əlində iti, kəsici alət, silah olan şəxsləri qorxutmaq daha təhlükəlidir.
4. Lağ etmək, məsxərəyə salmaq.
Aydın məsələdir ki, hər bir insan yalnız onun özünə məxsus individual
xüsusiyyətlərə malikdir. Bəzən bu xüsusiyyətlər insanın digərlərindən
həddən artıq fərqlənməsinə səbəb olur. Bəzi kəslər bundan istifadə
edərək həmin adamı məsxərəyə qoyur, lağ və tənə edirlər. Lakin Uca
Allah Qurani Kərimdə bunu qadağan edərək belə buyurur:
"Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki,
onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında)
daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər).
Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən)
daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və
bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.)
çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir.
Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!) "
(Quran, Hucurat, 11)
İbn Kəsir (Allah ona rəhmət eləsin) bu ayənin təfsirində belə deyir:"Bu
ayədə insanlara həqarətlə baxmaq, onları alçaltmaq və tənə etmək
qadağan edilir. Bütün bunlar haramdır və münafiqin xüsusiyyətlərindən
hesab olunur".
Müsəlmanların bir-birinə rişxənd etməsi onların arasındakı sevgini yox
edir, nəticədə isə bütün ümmət arasında parçalanma baş verir. Allah
Rəsulu (səllallahu aleyhi və səlləm) buyurmuşdur:
"Müsəlman müsəlmanın qardaşıdır. O, onun xətrinə dəymir, onu köməksiz
qoymur və ona həqarətlə baxmır. "Təqva bax burdadır" (o dedi və əlini 3
dəfə sinəsinə tərəf apardı). İnsan üçün öz qardaşına nifrət etmək
pislik etməkdə kifayətdir. Hər bir müsəlmana o biri müsəlmanın qanı,
namusu və malı haramdır"
Müslim
5. Zarafat həddində olmalıdır
Elə insanlar var ki, onlara yumor qabiliyyəti çox yaxşı inkişaf edib.
Bəzən elə olur ki, bu insanlar zarafat etdikdə həddi aşırlar. Bu
müsəlmanın ciddilik kimi gözəl keyfiyyətinə ziddir. Zarafat insana ən
çox o vaxt lazım olur ki, o həddindən artıq yorğundur və bir az
dincəlmək, fikirlərdən azad olmaq lazımdır ki, sonra yenidən aktiv
fəaliyyətə qayıda bilsin.
İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir:"Zarafat bütün həddləri
aşaraq, daimi gülüşə səbəb olub qəlbi Allahı zikr etməkdən uzaqlaşdırır
və qəddarlaşdrırsa, haram olur. Daimi zarafatlar zarafat edən kəsi
insanlar arasında hörmətdən və etibardan salır. Lakin əgər zarafat
dozasındadırsa və günah formasında deyilsə, onda burda heç bir haram
yoxdur. Belə ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də bəzən
zaraft edərdi."
6. Zarafat edərkən həmsöhbətinin kimliyinə və xasiyyətinə diqqət etmək.
Elə insanlar var ki, onlar qarşısındakının kimliyindən - qoca yaxud
cavan, alim yaxud cahil, tanış yaxud yad və s. olmasına fikir vermədən
hamı ilə zarafat edir. Bununla əlaqədar olaraq, xəlifələrdən və gözəl
müsəlmanlardan biri olan Ömər ibn Əbdul Əziz belə demişdir:"Zarafatda
ehtiyatlı olun"
Sad ibn Vaqqas (Allah ondan razı olsun) demişdir:"Zarafatda hüdudlar
qoy, belə ki, əks halda zarafat edən ona qarşı çıxan səfehin əlinə
silah vermiş olur"
7. Qoy, zarafat yeməkdə duz qədər olsun.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) buyurmuşdur:"Həddindən çox gülməyin, çünki bu qəlbi öldürür"
Səhih əl-Cami, 7312
Ömər ibn əl Xəttab (Allah ondan razı olsun) demişdir:"Kim ki, çox
gülür, ona insanlar az hörmət edir. Kim ki, tez-tez gülür insanlar onu
saymırlar. Hər bir insan ən çox etdiyi əməllə məşhurdur."
8. Zarafatda qeybət, dedi-qodu və böhtan olmamalıdır.
Qeybət və böhtan mənfi xüsusiyyətlər olmala yanaşı, qarşıdakı insanın
da mənliyini alçaldır. Bütün bunlar bir yana, bu deyilən əməl böyük
günahdır və tövbə etmədiyi təqdirdə müsəlmanı Cəhənnmə apara bilər.
Bəzi insanlar zarafat edən zaman kiminsə haqqaında onun xoşuna gəlməyən
bir söz danışırlar. Səhih Müslimdə gələn rəvayətə əsasən əgər müsəlmana
onun haqqında deyilən həmin söz həqiqət olsa belə xoşuna gəlmirsə, bu
qeybətdir. Yox əgər həmin söz yalandırsa, bu böhtandır və hər iki halda
da belə zarafatı edən kəs böyük günah etmişdir.
9. Zarafatı yerində, müvafiq zamanda etmək lazımdır.
Zarafat edərkən müvafiq məqamı seçmək və həmin məqama uyğun lətifəni
danışmaq gərəkdir. Bu halda insan həyatına xırda da olsa sevinc
gətirmək, problemləri nisbətən yüngülləşdirmək mümkün olur. Yersiz
zarafat isə onu edən şəxsə qarşı hörmətin və sevginin azalmasına səbəb
olur.
Yaşadığımız zamanda insan münasibətlərnin get-gedə daha soyuq hal
aldığını nəzərə alaraq, heç olmasa yaxınımızda olan, münasibət
qurduğumuz insanların qəlbinə dəyməkdən çəkinə bilsək, bu əməlimiz
Allaha xoş gedər.
Zarafatla belə olsa biri-birimizi alçaldan, təhqir edən sözlərdən Allaha sığınaq.
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər [ Qeydiyyat | Giriş ]
Sayta Giris
Axtarış
İstifadəçi Paneli
Qarabağı Unutma!!
Ana Yurdum Azərbaycanım
Xocavənd - 08.02.1992 Xocalı - 26.02.1992 Şuşa - 09.05.1992 Laçın - 17.05.1992 Kəlbəcər - 06.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cebrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 25.10.1993